logo

Novxanıda karantin rejimini pozan restoran cərimələndi

16:03 20-05-2020 | icon 294
Novxanıda karantin rejimini pozan restoran cərimələndi

Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən paytaxt sakini Nurəli Mənsimova məxsus “Nar” restoranın saat 18:00-dan sonra da işlədiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Binəqədi rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsi, Post Patrul Xidməti Bölüyü və 43-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq həmin saatlardan kənar gizli fəaliyyət göstərdiyi müəyyən edilib. Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkarlanıb. Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə gətirilib. Obyekt sahibi və müştərilər bölmədə polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.

Xatırladaq ki, ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət mayın 18-dən bərpa edilib. Qəbul edilən qaydalara əsasən bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək üçün müvafiq icazə verilib.