logo

Qabillə Niyaməddin terrorçuluq maddəsi ilə ittiham olunurlar 

16:48 19-05-2020 | icon 2107
Qabillə Niyaməddin terrorçuluq maddəsi ilə ittiham olunurlar 

Hazırda barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarışda olan Qabil Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla, onun Azərbaycan Respublikasına ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir. Niyaməddin Əhmədov isə Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib. Bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkənin ictimai təhlükəsizliyinə qarşı yönələn təhdid və pozuculuq hərəkətlərinin qarşısının alınması və təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər davam etdirilir. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Qabil Əmrah oğlunun Azərbaycan Respublikası ərazisində 2015-2017-ci illərdə törətdiyi aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədilə Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan Respublikası ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən olunub.

02

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı zamanı Q.Məmmədovun əvvəllər konkret cinayət əməllərinə görə məhkum edilmiş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsilə yayımladığı çoxsaylı videoçıxışlarında özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycan Respublikasının hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb.

Dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın pozulmasına yönələn bütün hüquqazidd əməllərin və onları törətmiş şəxslərin vaxtında aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.