logo

Azərbaycanda 4 ayda 196 nəfər "SPİD"ə yoluxub, 14 nəfər isə ölüb

16:56 18-05-2020 | icon 2002
Azərbaycanda 4 ayda 196 nəfər "SPİD"ə yoluxub, 14 nəfər isə ölüb

 

2020-ci ilin dörd ayı ərzində Azərbaycanda 196 nəfərin İİV-ə yeni yoluxma halı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Ceyhun Nəcəfov məlumat verib.Onun sözlərinə görə, qeydiyyata alınmış 196 yerli sakinlərdən 131-i (66,8 faizi) kişi, 65-i (33,2 faizi) qadındır. Bu dövrdə QİÇS mərhələsinə 38 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib və İİV infeksiyasından 14 nəfər vəfat edib.

Cari ilin yanvar-aprel aylarında İİV-ə yoluxması təsdiqlənmiş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 30 nəfər (15,4 faizi) parenteral, 150 nəfər (76,5 faizi) heteroseksual, 12 nəfər (6,1 faizi) homoseksual kontakt nəticəsində, 4 nəfərin (2 faiz) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkarlandığı 1987-ci ildən 2020-ci ilin dörd ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6987 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 4480-ı (69,8 faiz) kişi, 2107-si (30,2 faiz) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1672 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1056 nəfər olublar.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 40,5 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 48,6 faizində heteroseksual, 3,2 faizində homoseksual kontakt nəticəsində, 1,6 faizində anadan uşağa keçməklə, 0,01 faizində (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 6,1 faizində yoluxma yolu müəyyən edilməyib.