Daxili İşlər Nazirliyi (DİN) kütləvi informasiya vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.
“Kütləvi informasiya vasitələrinin nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, daxili işlər orqanları əməkdaşlarının, o cümlədən Daxili Qoşunların hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri-rəsmi mənbələrdən əldə etdikləri məlumatları, anonim çəkilmiş foto-video görüntüləri Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə dəqiqləşdirsinlər. Hesab edirəm ki, razılaşdırılmış, rəsmi münasibət bildirilmiş məlumatların, foto-videoların çapı KİV ilə DİN-in mətbuat xidməti arasındakı işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər. Əminəm ki, hörmətli media nümayəndələri və sosial şəbəkələrdə fəal olan vətəndaşlarımız bu müraciətimi anlayışla qarşılayacaqlar”, -deyə müraciətdə bildirilib.