logo

Siyavuş Novruzov: “Onlar dövlətə YAP-çı kimi xəyanət etmirlər..."

22:44 10-05-2020 | icon 2156
Siyavuş Novruzov: “Onlar dövlətə YAP-çı kimi xəyanət etmirlər..."

Həbs edilən sabiq icra başçıları və digər yüksək vəzifəli məmurlar dövlətə YAP-çı kimi xəyanət etmirlər. 

YeniAvropa xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının(YAP) icra katibinin müavini,  Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov yerli saytlardan birinə müsahibəsində bildirib. O, korrupsioner məmurların həbsi prosesinin davam edəcəyini istisna etməyib.

“Yeni baş prokuror Kamran Əliyev təyin olunanda cənab prezident onunla videoformatda görüş keçirtdi. Görüş zamanı cənab prezident bu məsələ ilə bağlı fikirlərini bildirib. Ayrı-ayrı strukturlarda siqnallar daxil olmaqdadır və bu addımlar artırılacaq. Təbii ki, biz bütün bunların şahidi oluruq. Cənab prezident həmişə xəbərdarlıq edir ki, təyin olunan şəxslər vətəndaşlara xidmət etməli, xalq üçün problemlər yaratmamalı, onların çörəyinə bais olmamalı, verilən yardımı kəsməməli, ondan bəhrələnməməli, iş yerlərindən verilən kartları ciblərinə qoymamalıdır. Bunun nəticəsi olaraq həm işdən azad olunacaq, həm də cəzalandırılacaq. Biz bunların şahidiyik”,-deyə o, bildirib. 

Siyavuş Novruzov həbs edilən sabiq icra başçılarının Yeni Azərbaycan Partiyasının üzvü olmalarına da münasibət bildirib: “Həbs edilən sabiq icra başçılarının arasında Yeni Azərbaycan Partiyasının üzvü olanlar da var, olmayanlar da... Onlar YAP-çı kimi xəyanət etmir, tutduğu vəzifəyə xəyanət edir. Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”.