logo

“AtaBank” və “AmrahBank”a görə kompensasiyaları “Kapital Bank” verəcək

12:09 09-05-2020 | icon 3024
“AtaBank” və “AmrahBank”a görə kompensasiyaları “Kapital Bank” verəcək

Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarına əsasən, “Ata Bank” ASC və “Amrah Bank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent bank qismində “Kapital Bank” ASC seçilib.

ADIF-dan YeniAvropa-ya bildirilib ki, “Ata Bank” ASC və “Amrah Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə ödəniləcək. Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. “Kapital Bank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq: İyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi; iyulun 1-dən 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Ata Bank” ASC və “Amrah Bank” ASC-də sığorta hadisəsi günü 2020-ci il aprelin 28-i müəyyən olunub.