logo

Bu gün faşizm üzərində Qələbədən 75 il ötür

09:19 09-05-2020 | icon 2219
Bu gün faşizm üzərində Qələbədən 75 il ötür

Bu gün - mayın 9-da Faşizm üzərində Qələbənin 75 ili tamam olur.

Danılmaz faktdır ki, faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri olub. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində Qələbəyə mühüm töhfə verib.

 YeniAvropa xatırladır ki, dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan İkinci Dünya müharibəsinin başlandığı ilk gündən səfərbərlik elan olunub, on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib.

Azərbaycan xalqı Böyük Vətən müharibəsində həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Böyük Vətən müharibəsi iştirakçıları, o cümlədən bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsi idi. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri əzmkarlıq göstərərək gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, dənizdə, quruda və havada sovet ordusunun üstünlük qazanması və tarixi əhəmiyyətli strateji əməliyyatları məhz Bakı neftçilərinin əvəzsiz xidmətləri sayəsində mümkün olub. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.

Bundan başqa, xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.