logo

Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi

11:30 08-05-2020 | icon 2128
Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi dövründə müəyyən olunan qaydalara ciddi riayət edilməsi ilə bağlı əhaliyə müraciət ünvanlayıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya  daxil olan müraciətdə bildirilir ki, məlum olduğu kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir.

Dövlətin həyata keçirdiyi aidiyyəti tədbirlərdən irəli gələn tələblərə vətəndaşlar tərəfindən ümumilikdə əməl edilsə də, son günlər ictimai yerlərdə tibbi maskadan istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi kimi infeksiyanın yayılmasına şərait yaradan halların artması müşahidə edilir.

Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı iki metrlik ara məsafəsi saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyənləşdirilmiş qaydalara ciddi riayət etmək tələb olunur.