logo

Azərbaycan-Polşa münasibətlərinin perspektivləri müzakirə olunub

16:59 06-05-2020 | icon 2016
Azərbaycan-Polşa münasibətlərinin perspektivləri müzakirə olunub

Mayın 6-da Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Polşanın Xarici İşlər naziri Yatsek Çaputoviç arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, tərəflər qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən təbirlər üzrə məlumat mübadiləsi aparıb və bu xüsusda beynəlxalq həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında bu il mayın 4-də keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş videokonfrans şəklində Zirvə görüşü və onun nəticələri barədə həmkarına məlumat verib.

Nazirlər ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıb, iki ölkə arasındakı siyasi münasibətlərin hazırkı yüksək səviyyəsini məmnunluqla qeyd ediblər.

Telefon söhbəti zamanı, həmçinin Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə görüşü, eləcə də Vışeqrad Qrupu ilə Şərq Tərəfdaşlığı arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazirlər, habelə beynəlxalq təşkilatlar, xüsusilə də BMT çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs ediblər. Təmasların gələcəkdə davam etdirilməsi razılaşdırılıb.