logo

Tokayev Senatın sədri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verib

19:10 04-05-2020 | icon 2177
Tokayev Senatın sədri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev , ölkənin ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı, Qazaxıstan parlamenti Senatının sədri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsinə dair sərəncam imzalayıb. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə "Akorda" məlumat yayıb. 

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin digər bir sərəncamı ilə Maulen Aşimbayev parlament Senatına yeni sədr təyin edilib.     

Qeyd edilib ki, M.Aşimbayev indiyədək  Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini vəzifəsini icra edib.

Dövlət başçısı özünün "Twitter" səhifəsində Dariqa Nazarbayevaya fəal və səmərəli işinə görə təşəkkür edib.

Xatırladaq ki, Dariqa Nazarbayeva 7 may 1963-cü ildə Qarağan vilayətinin Temirtau şəhərində anadan olub.  Lomonosov adına Moskva Dövlət Universiteti və Kirov adına Qazaxıstan Dövlət Universitetindi bitirib.  Siyasi elmlər doktorudur. 

2012-ci ilin yanvarında millət vəkili seçilib və  Sosial-mədəni inkişaf komitəsinə rəhbərlik edib. 3 aprel 2014-cü ildə yekdilliklə Məclisin vitse-spikeri və "Nur Otan" partiyasının parlament fraksiyasının rəhbəri seçilib. 2015-ci ilin sentyabr ayından D.Nazarbayeva Qazaxıstan baş nazirinin müavini vəzifəsini icra edib.

13 sentyabr 2016-cı ildə Nazarbayeva Senatın üzvü seçilib. 20 mart 2019-cu ildə ölkə Parlamentinin Senatının sədri seçilib.