logo

Bərbər və gözəllik salonlarının fəaliyyət qaydası təsdiqlənib

18:11 02-05-2020 | icon 2646
Bərbər və gözəllik salonlarının fəaliyyət qaydası təsdiqlənib

Pandemiya dövründə fəaliyyətinə icazə verilən bərbər və gözəllik salonlarının işləmə qaydası ilə bağlı təlimatlar təsdiqlənib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib. Təlimatlara görə bu cür müəssisələr onlayn növbə qəbul sisteminin tətbiqini həyata keçirməlidir. Qeyd olunub ki, iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalı, bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməli, xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır. Eyni zamanda əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir.

Bundan başqa, kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir. Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır. Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir.

Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir. Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda həmin sahələr üzrə xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar evdən çıxmaqla bağlı məhdudiyyət qüvvədə olduğundan SMS icazə sistemindən istifadə etməlidirlər.

Öz növbəsində  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev bildirib ki, vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün 2-ci kod üzrə icazə ala bilərlər: 
 
"Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir. Vətəndaşlar icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar "ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər".