logo

İrandan Azərbaycana 43 kq narkotikanın gətirilməsinin qarşısı alındı

10:15 02-05-2020 | icon 1988
İrandan Azərbaycana 43 kq narkotikanın gətirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitənin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya  bildiriblər ki, mayın 1-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru və əks istiqamətində 1 nəfərə məxsus izlər aşkarlayıb.

Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 3 ədəd qara rəngli idman çantası içərisində ümumi çəkisi 42 kiloqram 700 qram narkotik vasitə (9 kiloqram heroin, 6 kiloqram 700 qram metamfetamin, 4 kiloqram 100 qram marixuana, 19 kiloqram 300 qram həşiş, 1 kiloqram 800 qram “metadon M-40” həbi və 1 kiloqram 800 qram “preqabalin”) aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxslərin Astara rayonunun Kijəbə qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Əhmədov Fərhad Vəliağa oğlu, 1989-cu il təvəllüdlü Teymurov Elməddin Razim oğlu, 1984-cü il təvəllüdlü Fərzizadə Anar Nizaməli oğlu, 1995-ci il təvəllüdlü Abdullayev Nurlan Tofiq oğlu və 1974-cü il təvəllüdlü Babayev Dönməz Hətəm oğlu olduqları müəyyənləşdirilib.

Araşdırma zamanı saxlanılmış şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.