logo

Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur

17:59 01-05-2020 | icon 3647
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur

Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin  bu gün yaydığı birgə məlumatda qeyd edilib. Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mayın 4-dən mayın 31-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Bu qərara uyğun olaraq Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində yekun qiymətləndirmələrin və monitorinqlərin aparılması, birinci sinfə qəbulun təşkili, təhsilalanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi vaxtı, formatı və qaydalarına dair məlumatı növbəti həftə ərzində ictimaiyyətə təqdim edəcək.

İyunun 1-dən sonra təhsil müəssisələri yalnız yuxarıda qeyd olunmuş istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün məhdud şəkildə fəaliyyət göstərə bilər.