logo

Koronavirusun Azərbaycanda üzə çıxardığı 10 problem - iqtisadçı alim

17:58 30-04-2020 | icon 2492
Koronavirusun Azərbaycanda üzə çıxardığı 10 problem - iqtisadçı alim
"Əmək və Əhalinin Sosial Müdafiə Naziriyində ciddi struktur və kadr dəyişikliklərinə ehtiyac var”. 
YeniAvropa xəbər verir ki, bu barədə  iqtisadçı alim Qubad İbadoğlu koronavirus pandemiyasının üzə çıxardığı problemlərə münasibət bildirərək , özünün "Facebook" səhifəsində paylaşıb. 
 
Onun sözlərinə görə, koronavirus pandemiyası Azərbaycanda mövcud idarəçilikdə bir sıra problemləri aşkar çıxartdı. Qubad İbadoğlu onları 10 böyük problemi aşağıdakı kimi təsnif edib:
 
1. Ölkənin statistik məlumat bazası mövcud gerçəkliklə uzlaşmır. Ötən il əhalinin ümumi siyahıya alınması yalandan keçirilib. Ölkədə rəsmi göstəriclərlə müqayisədə işsizlərin sayı ən azı 4-5 dəfə, yoxsulların sayı isə 5-6 dəfə çoxdur, əhalinin isə dəqiq sayını hələ də bilən yoxdur.
 
2. Azərbaycanda yeni açılmış iş yerlərinin sayı passiv VÖEN-lərin, torpaq mülkiyyətçilərinin hesabına kifayət qədər şişirdilib.
 
3. Kölgə iqtisadiyyatının miyqasları, gizli məşğulların sayı təsəvvür edildiyindən də çoxdur.
 
4. Korrupsiyanın ən çox yayıldığı sahələrdən biri də sosial təminat sistemidir. 190 manat birdəfəlik yardım almaq üçün müraciət edənlərin bəzilərin adına onların xəbəri olmadan əmək müqavilələri, sosial müavinətlər, subsidiya ödənişləri rəsmiləşdirilib.
 
5. İnternet xidməti sürəti az, keyfiyyəti aşağıdır.
 
6. Bəzi dövlət orqanlarının Çağrı Mərkəzi müraciətləri cavablandırmaq gücündə deyildir. Ən çox şikayət 142 saylı telefon xidmətindən oldu.
 
7. Bəzi dövlət orqanlarının online xidmətləri müraciətlərə adekvat qurulmadığında tez yüklənir və qısa müddətdə çökür. Ən çox şikayət e-sosial.az saytından gəldi.
 
8. Aztəminatlı ailələr üçün nəzərdə tutulan ödənişlər, o sıradan haqqı ödənilən ictimai işlərə görə əmək haqqı, işsizlikdən sığorta haqlar, sosial müavinətlər və yardımlar ünvanlı şəkildə ödənilmir, başqalarının adına yazılaraq mənimsənilir. Regional məşğulluq idarələri, sosial müdafiə mərkəzləri icra hakimiyyətlərinin başçıları ilə bu məqsədlə birlikdə fəaliyyət göstərir.
 
9. Dövlət idarəçiliyində öhdəlik çox, məsuliyyət azdır, sistemli yanaşma və əlaqələndirilmə işi zəifdir. Şəffaflıq və hesabatlıq yoxdur. Məsul şəxslərin baş verənlərə münasibəti adekvat deyil. Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə Naziriyindədir. Bu nazirlikdə ciddi struktur və kadr dəyişikliklərinə ehtiyac vardır.
 
10. Əhalinin hakimiyyətdən, hakimiyyətin də əhalidən gözləntiləri gerçək ehtiyaclar üzərində qurulmayıb. Hakimiyyət çalışır ki, əhaliyə sosial dəstək proqramı çərçivəsində az vəsait xərcləsin, əhali isə çalışır ki, hakimiyyətdən ehtiyacları qədər dəstək qazansın.