logo

Türkiyədə son bir sutka ərzində koronavirusdan 117 vəfat edib

22:30 22-04-2020 | icon 2233
Türkiyədə son bir sutka ərzində koronavirusdan 117 vəfat edib

Bütün dünyanı cənginə alan koronavirusdan (COVID-19) Türkiyədə ölənlərin sayı 2376 nəfərə çatıb. Aprelin 22-də ölkə üzrə virusdan 117 nəfər ölüb, 1559 nəfər sağalıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca nazirliyin elmi komitəsinin son iclasından sonra jurnalistlərə açıqlamasında söyləyib.

Nazir bildirib ki, aprelin 22-də, ümumilikdə, 37 min 535 nəfər üzərində müayinə aparılıb. Onlardan 3083 nəfərin testi müsbət çıxıb.

Ümumiyyətlə indiyədək Türkiyədə 750 min 944 nəfər testdən keçirilib. İnfeksiyadan müalicəyə cəlb olunanların sayı 98 min 674 nəfərə çatıb. Onlardan 1814 nəfər reanimasiyada, 985 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır. İndiyə qədər 16 min 477 nəfərin müalicəsi müsbət nəticə verib.

Nazir Fahrettin Koca qarşıdan gələn müqəddəs Ramazan ayında koronavirusun yayılma riskindən danışaraq bildirib ki, insanlar ibadət və inanclarını yerinə yetirərkən bir yerə toplaşmamalı, sosial məsafə qaydalarına əməl etməli, fərdi və ictimai sağlamlıq təhlükəsi yarada biləcək təhlükəli hərəkətə yol verilməməlidirlər.

Qeyd edək ki, aprelin 23-də yerli vaxtla saat 00:00-dan etibarən Ankara, İstanbul, İzmir və digər böyük şəhərlər də daxil olmaqla Türkiyənin 31 vilayəti üzrə 4 gün müddətinə növbəti fasiləli evdən çıxmaq qadağası qüvvədə olacaq.