logo

XİN başçıları Azərbaycan-Türkmənistan əməkdaşlığını müzakirə ediblər

20:31 22-04-2020 | icon 2030
XİN başçıları Azərbaycan-Türkmənistan əməkdaşlığını müzakirə ediblər

Aprelin 22-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Türkmənistan xarici işlər naziri Rəşid Meredov ilə telefon söhbəti olub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Söhbət zamanı iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib.

İlk növbədə, Azərbaycan prezidenti İlham Əliyev ilə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında Türkmənistan dövlət başçısının martın 11-də Bakıya rəsmi səfəri zamanı razılaşdırılan ikitərəfli sazişlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Eyni zamanda, tərəflər nəqliyyat-kommunikasiya sahəsində ikitərəfli əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulayıblar. Xəzər dənizinin Ələt-Türkmənbaşı limanları arasında birbaşa dəniz əlaqəsinin Avrasiya materikində iqtisadi-ticarət əlaqələrinin inkişafının mühüm elementi olduğu bildirilib. Nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin yüksək effektivliyini qeyd edən diplomatlar Şərq-Qərb istiqaməti boyunca nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyətinin təmin olunmasına yönəlik yeni tərəfdaşlıq formalarının axtarışı və tətbiq olunmasına diqqət ayırıblar.

Bu xüsusda nazirlər Azərbaycan və Türkmənistan xarici siyasət qurumları arasında sıx mütəmadi əlaqələrin saxlanılmasını razılaşdırıblar.