logo

UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin virtual görüşü olub

19:10 22-04-2020 | icon 1988
UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin virtual görüşü olub

Aprelin 22-də UNESCO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin ilk virtual görüşü keçirilib.

Mədəniyyət Nazirliyindən YeniAvropa-ya bildirilib ki, görüşün təşkilində əsas məqsəd COVID-19 pandemiyasının mədəniyyət sahəsinə təsiri, eləcə də bu çərçivədə görülən tədbirlərlə bağlı nazirlər arasında fikir mübadiləsinin aparılması olub. Görüşdə dünyanın 180-dən çox ölkəsindən nazirlər və digər yüksəksəviyyəli rəsmilər iştirak ediblər.

Məlum olduğu kimi, COVID-19 pandemiyası ilə bağlı dünyada yaranmış vəziyyət bir çox sahələr kimi mədəniyyət sahəsinə də təsirsiz ötməyib, mədəniyyət məkanlarına gediş məhdudlaşdırılıb, əksər mədəni tədbirlər təxirə salınıb və ya ləğv olunub.

UNESCO Mədəniyyət nazirlərinin birinci virtual görüşündə çıxış edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev pandemiya dövründə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlər barədə danışıb,bu sahədə dövlət qurumlarının fəaliyyətini əlaqələndirən Nazirlər Kabineti yanında Operativ Qərargahın gərgin fəaliyyəti sayəsində ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin vaxtında nəzarətə götürüldüyü və xəstəliyin geniş yayılmasının qarşısının alındığı diqqətə çatdırılıb.

Xüsusi karantin şəraitində dövlətimizin həyata keçirdiyi müxtəlif sosial proqramlar haqqında da məlumat verən Ə.Qarayev, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən 20-dən çox layihənin həyata keçirildiyini qeyd edib. Bu baxımdan “Evdə qal, evdə yarat” təşəbbüsü, “Bizi birləşdirən mədəniyyət”, “Yaradıcılığı evdə öyrən” və digər layihələrdən danışan nazir onların mövcud şəraitdə xüsusi önəmini vurğulayıb.

Mövcud şəraitdə qlobal layihələrin əhəmiyyətindən söz açan nazir bildirib ki, Azərbaycan UNESCO tərəfindən aprelin 15-dən açıq elan edilən “ResiliArt” qlobal hərəkatına fəal şəkildə qoşulub və bu hərəkatı ölkəmizin yaradıcı adamları arasında təbliğ etməkdədir. Qeyd edək ki, sözügedən hərəkat COVID-19 pandemiyasının mədəniyyət sahəsinə hərtərəfli təsiri barədə məlumatlılıq səviyyəsini artırmağı və incəsənət adamlarını bu böhran zamanı və böhrandan sonra da dəstəkləməyi hədəfləyir.