logo

Azərbaycan və Ermənistan XİN başçıları koronavirusu da müzakirə ediblər

22:09 21-04-2020 | icon 2695
Azərbaycan və Ermənistan XİN başçıları koronavirusu da müzakirə ediblər

Bu gün, aprelin 21-də Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki,tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.

Görüş zamanı tərəflər qlobal COVİD-19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər.

Tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uygun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirilib. Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olundu. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulanıb.

Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olunub.

Bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır.

Tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırıblar.

Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib ki, Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər.

0-15