logo

Milli Məclisdən guya deputat iRamil Həsənin arxa cərgədə otuzdurularaq aşağılanmasına aydınlıq gətirilib

19:18 21-04-2020 | icon 2478
Milli Məclisdən guya deputat iRamil Həsənin arxa cərgədə otuzdurularaq aşağılanmasına aydınlıq gətirilib

Koronavirus pandemiyası ilə əlaqədar Milli Məclisin plenar iclaslarında sanitariya normalarına riayət etmək üçün deputatları iki metr məsafə ilə hər sırada bir nəfər əyləşdirmək məcburiyyəti yaranıb. Milli Məclisin plenar iclas zalında bu qayda ilə 96 deputat yerləşə bilər.

Milli Məclisin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, deputatların hamısını əyləşdirmək məqsədilə nisbətən cavan deputatlar qabaqcadan məlumatlandırılıb ki, onlar zalda qonaqlar üçün nəzərdə tutulmuş yuxarı yerlərdə yerləşdiriləcəklər. Həmin yerlərdə deputatlara çıxışa yazılmaq və çıxış etmək üçün şərait yaradılıb. Səsvermə isə əlqaldırma yolu ilə həyata keçirilir. Bu tədbir müvəqqəti çıxış yolu kimi deputatlar tərəfindən qiymətləndirilib.

Lakin bu günlərdə bəzi kütləvi informasiya vasitələrində bu tədbirlə bağlı narazılığın yaranması haqqında məlumatlar yayılıb. Bu məlumat əsasən deputat Ramil Həsənin sosial şəbəkədə paylaşdığı fikirlərlə əlaqələndirilir. Qeyd etmək lazımdır ki, deputat Ramil Həsənə Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev tərəfindən bu tədbirin məcburi müvəqqəti xarakter daşıdığı izah edilib. Deputat Ramil Həsən buna anlayışla yanaşıb və o, bunun hər hansı deputata qarşı aşağılayıcı münasibət olmadığını başa düşüb. Deputat Ramil Həsən Milli Məclisin Sədri tərəfindən tənbeh edilməyib və ona heç bir xəbərdarlıq olunmayıb. Bəzi KİV-lərin bu məsələ ətrafında sensasiya yaratması həmin KİV-lərə heç də başucalığı gətirmir. Bir daha kütləvi informasiya vasitələrinə sensasiya dalınca qaçmamağı və faktları olduğu kimi çatdırmağı tövsiyə edirik.