logo

İlham Əliyev 10 rayonda subartezian quyularının qazılmasına 1,19 milyon manat ayırdı

11:58 21-04-2020 | icon 2135
İlham Əliyev 10 rayonda subartezian quyularının qazılmasına 1,19 milyon manat ayırdı

Prezident İlham Əliyev aprelin 21-də “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamla əhalisi 193 min 696 nəfər olan 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,19 milyon Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Subartezian quyuları aşağıdakı yaşayış məntəqələrində qazılacaq: Ağdaşın Ağzıbir və Şəkili kəndləri (hərəsində bir ədəd), Biləsuvarın Dərvişli kəndi (2 ədəd), Gəncənin Kəpəz rayonu (2 ədəd), Xocavəndin Muğanlı kəndi (2 ədəd), Yardımlının Köryədi kəndi (1 ədəd), Şuşa (Ağdam rayonu ərazisi) Mirzələr qış yatağı (2 ədəd), Laçın (Ağcabədi rayonu ərazisi) “Qayğı” qəsəbəsi və Mişni obası (hərəsində 1 ədəd), Qobustanın Təklə və Təklə Mirzəbaba kəndləri (hərəsində 1 ədəd), Lerikin Kələxan kəndi (1 ədəd) və Naftalanın Qasımbəyli kəndi (1 ədəd).