logo

İrandan Azərbaycana 17 kq-dan çox narkotik vasitə keçirmək istədilər

11:14 21-04-2020 | icon 2086
İrandan Azərbaycana 17 kq-dan çox narkotik vasitə keçirmək istədilər

Son həftə ərzində Dövlət Sərhəd Xidmətinin(DSX) Sərhəd Qoşunlarının əməkdaşlarının sayıqlığı nəticəsində 17 kiloqram 290 qram narkotik vasitənin və 195 ədəd metadon m40 həbinin, 1 ədəd 9 millimetrlik “Maqnum” tapançasının, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patronun dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə DSX-nın mətbuat mərkəzi məlimat yayıb. Bildirilib ki,  aprelin 15-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində iki şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə doğru hərəkətini aşkar edən sərhəd naryadı “Dayan” əmrini verib. Geriyə qaçmağa cəhd göstərən sərhəd pozucularını saxlamaq üçün havaya xəbərdarlıq atəşi açılıb və təqib edilərək yaxalanıblar. İran İslam Respublikasının vətəndaşı olan 2 sərhəd pozucusunun üzərinə baxış zamanı 1 kiloqram 725 qram heroin, 1 kiloqram 800 qram marixuana, 1 kiloqram 335 qram tiryək, 400 qram metamfetamin və 195 ədəd metadon m40 həbi aşkar edilərək götürülüb.

Eyni zamanda, aprelin 19-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd pozucusu geriyə qaçıb , hadisə yerindən ümumi çəkisi 12 kiloqram 30 qram olan narkotik maddə (11355 qram marixuana, 620 qram heroin, 55 qram metafetamin-kristal), 1 ədəd 9 millimetrlik “Maqnum” tapançası, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.