logo

Dünyanın ən iri hava gəmisi Bakıda eniş etdi

14:54 19-04-2020 | icon 2121
Dünyanın ən iri hava gəmisi Bakıda eniş etdi

Aprelin 19-da səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyanın ən iri An-225 "Mriya" hava gəmisi eniş edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, əlavə yanacaq doldurmaq məqsədilə Bakının hava limanında enən təyyarə Qazaxıstandan Fransaya kommersiya reysi yerinə yetirir.

Xatırladaq ki, "Mriya" aviasiya tarixində dünyanın ən iri və ən ağır yükgötürmə qabiliyyətinə malik olan hava gəmisidir və 1988-ci ildə "Antonov" aviasiya konserni tərəfindən bir nüsxədə istehsal edilib. Hazırda eyni adlı "Antonov Airlines" yük aviaşirkətinin rəhbərliyi altında istismar olunur.

Bu, "Mriya"nın (Ukrayna dilində "arzu" deməkdir) Bakıda ilk enişi deyil. Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada belə böyük təyyarəni qəbul etməyə hazır olan uçuş-enmə zolağı ilə təchiz edilmiş məhdud sayda hava limanları sırasına daxildir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu, həmçinin dünyanın ən iri "Airbus A380" sərnişin laynerini dəfələrlə qəbul edib.

"Mriya"nın Bakıya səfəri haqqında Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən qısa videoçarx hazırlanıb.