logo

Macarıstan şirkəti "Chevron"un "AÇG" və "BTC"dəki səhmlərin alıb

13:45 17-04-2020 | icon 2884
Macarıstan şirkəti "Chevron"un "AÇG" və "BTC"dəki səhmlərin alıb

Macarıstanın “MOL” konserni Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) layihələrinin səhmdarı olub.

YeniAvropa  “Chevron” korporasiyasına istinadla xəbər verir ki, ABŞ şirkəti AÇG və BTC-dəki səhmlərini 1,57 milyard dollara “MOL”a satıb. Beləliklə, “MOL” konserni AÇG-nin 9,57 faizlik, BTC-nin isə 8,9 faizli səhmdarı olub.

Qeyd edək ki, ötən il AÇG-dən hasilat 195 milyon barreldən çox, yəni 26 milyon ton təşkil edib. İlin sonuna AÇG-də ümumilikdə 125 neft hasilat, 46 su və 7 qaz injektor quyusu istismarda olub. Keçən il blokda 10 neft hasilat və bir su injektor quyusu qazılıb. İl ərzində AÇG layihəsinə təqribən 567 milyon dollardan artıq əməliyyat və 1 milyard 476 milyon dollaradək əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “MOL”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Keçən il BTC vasitəsilə təqribən 31 milyon ton (233 milyon barreldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 296 tankerə yüklənib. İl ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 138 milyon dollar, əsaslı xərclərə isə təqribən 44 milyon dollar sərf olunub. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan keçən ilin sonunadək BTC ilə ümumilikdə 447 milyon tondan çox (təxminən 3,35 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 4381 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

“BTC Co.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “MOL” (8,9 faiz), “Equinor” (8,71 faiz), “TPAO” (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).