logo

Narkoloji Mərkəzdə yanğının qəsdən törədildiyi təsdiqlənib, şübhəli şəxs həbs olunub

13:54 06-03-2018 | icon 3248
Narkoloji Mərkəzdə yanğının qəsdən törədildiyi təsdiqlənib, şübhəli şəxs həbs olunub

Martın 6-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı aparılan təhqiqatın nəticələri barədə birgə məlumat yayıblar. YeniAvropa xəbər verir  ki, məlumatda hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması ilə bağlı Azərbaycan prezidentinin tapşırığına əsasən təxirəsalınmaz prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin və Mərkəzin tibb personalının şahid qismində dindirildiyi, zəruri ekspertizaların təyin edildiyi bildirilib.

Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov martın 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə martın 2-də saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.

Məhəmməd Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələr barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, həmçinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb.