logo

"Euro2020"nin gələn il keçiriləcək final oyunlarının təqvimi hazırlanır

15:16 09-04-2020 | icon 2842
"Euro2020"nin gələn il keçiriləcək final oyunlarının təqvimi hazırlanır

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) sayca 16-cı dəfə keçiriləcək Avropa çempionatını qəbul edən 12 şəhərin hamısı ilə matçların cədvəlini müzakirə edəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, koronavirus pandemiyasına görə təxirə salınan  Avropa çempionatı final mərhələsinin oyunları gələn ilin yayında keçiriləcək.

"Nəzərdə tutulduğuna görə, "Euro2020"nin final mərhələsinin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək elə həmin şəhərlərdə eyni matç cədvəli ilə keçiriləcək. Lakin matçların rəsmi cədvəli hələ təsdiq edilməyib. UEFA çempionatı qəbul edən 12 şəhərin hamısı ilə bu məsələni müzakirə edəcək və yaxın vaxtlarda bu barədə ətraflı məlumat verəcək",-deyə mətbuat xidmətinin məlumatında qeyd edilib.

Xatırladaq ki, "Euro2020"nin final mərhələsinin oyunları  Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Ansterdamda keçirilməlidir. 

"Euro2020"nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq. Püşkatmaya görə  Bakıda A qrupunda yer alan komandalar: Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandalarıı mübarizə aparacaq.