logo

İranda koronavirusa yoluxanların sayı 60 mini ötüb

18:57 06-04-2020 | icon 2289
İranda koronavirusa yoluxanların sayı 60 mini ötüb

İranda koronavirusa yoluxanların sayı 60 min 500-ə, ölənlərin sayı isə 3739-a çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi məlumat verib. Onun sözlərinə görə, 20 mindən çox insan xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb və evə buraxılıb.

İranda çap məhsullarının yayımı da dayandırılıb. Koronavirusla mübarizə üzrə qərargahdan bildiriblər ki, çap məhsullarının paylanması virusun yayılmasına səbəb olur. O da qeyd edilib ki, müxtəlif səbəblərdən İranda qalan və virusa yoluxan xarici vətəndaşlar pulsuz müalicə olunurlar.

İnsan hüquqları üzrə beynəlxalq “Human Rights Watch” təşkilatı ABŞ administrasiyasına müraciət edərək İrana qarşı sanksiyaları nisbətən yumşaltmağa çağırıb. Müraciətdə qeyd olunur ki, sanksiyalar İrana koronavirus ilə mübarizə aparmağa imkan vermir. İrana tibbi ləvazimatların və dərman preparatların göndərilməsinə imkan yaratmaq lazımdır.

İranın Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bəyan edib ki, ABŞ-ın Beynəlxalq Valyuta Fonduna koronovirusla mübarizə üçün İrana kredit ayırmasına mane olması insanlığa qarşı cinayətdir. Buna baxmayaraq, İran dünya dövlətləri ilə həmrəyliyini bildirib. Belə ki, Tehrandakı Azadi qülləsi dünya dövlətlərinin bayraqları ilə bəzədilib.

İran ordusu isə əlavə 500 nəfərlik səyyar xəstəxana hazırlayıb.