logo

Tibbi maska istehsalına başlanılması Azərbaycanın idxaldan asılılığını aradan qaldıracaq

18:15 06-04-2020 | icon 2044
Tibbi maska istehsalına başlanılması Azərbaycanın idxaldan asılılığını aradan qaldıracaq

Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək.

 YeniAvropa xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində söyləyib.

Koronavirusla mübarizədə maskalardan istifadənin xüsusi əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

“Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri”, - deyə prezident bildirib.