logo

Uxan aeroportu yenidən istifadə üçün hazırlıq vəziyyətinə gətirilir

18:10 03-04-2020 | icon 2548
Uxan aeroportu yenidən istifadə üçün hazırlıq vəziyyətinə gətirilir

Çində yeni növ koronavirusun (COVID-19) ilk yayıldığı Uxan şəhərinin hava limanının karantin rejimindən sonra yenidən istifadəyə verilməsi üçün hazırlıq işləri görülür.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə  Uxan şəhər xalq hökuməti  məlumat yayıb. Bildirilib ki,  xüsusi karantin rejimi ilə əlaqədar iki aydan çoxdur məhdud rejimdə işləmiş “Tianhe” beynəlxalq hava limanında açılış üçün dezinfeksiya işləri görülür. Epidemiologiya və ətraf mühit üzrə ekspertlərin nəzarəti altında sərnişin terminalı və avtomobil parkinqi də daxil olmaqla 500 min kvadratmetr sahə dezinfeksiya olunub. Bundan başqa, avadanlığın yoxlanışı aparılacaq və digər hazırlıq işləri də görüləcək. Artıq hava limanının əməkdaşlarının 99 faizi işə qayıdıb. Aprelin 8-dən başlayaraq aeroportdan daxili reyslərin yerinə yetiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, dekabrın son günlərində Hubey vilayətinin inzibati mərkəzi olan Uxanda aşkarlanan COVID-19 infeksiyasının sürətlə yayılmasından sonra yanvarın 24-də şəhərdə xüsusi karantin rejimi elan olunmuş, şəhərdaxili ictimai nəqliyyatın hərəkəti ilə yanaşı, buradan Çinin müxtəlif şəhərlərinə avtobus, dəmir yolu və təyyarələrlə sərnişin daşınması dayandırılmışdı. Karantin dövründə Uxan hava limanından yalnız tibb işçilərinin və tibbi ləvazimatların nəqli üçün istifadə olunub. Son günlər Çində epidemioloji vəziyyətin yaxşılaşması sayəsində martın 25-dən şəhərdaxili nəqliyyatın, martın 28-dən isə metronun və şəhərlərarası qatarların hərəkəti bərpa olunub.