logo

Azərbaycanla Rusiya arasında sərnişin daşıması dayandırıldı

18:54 31-03-2020 | icon 2079
Azərbaycanla Rusiya arasında sərnişin daşıması dayandırıldı

Koronavirus qlobal pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında, Azərbaycanla Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmir yol sərnişin daşıması dayandırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, vətəndaşların qarşılıqlı şəkildə qəbulu məqsədilə iki ölkənin quru sərhədi boyunca Samur sərhəd-keçid məntəqəsi məhdudlaşdırıcı rejimdə və müəyyən olunmuş qrafik çərçivəsində fəaliyyət göstərir.

Azərbaycan və Rusiya arasında sərhəd-keçid məntəqələri vasitəsilə Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri daxil olmaqdadır.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əldə olunmuş razılığa əsasən 2020-ci il 31 mart tarixindən etibarən Rusiya Federasiyasından Azərbaycana səfər edən Azərbaycan Respublikası vətəndaşlarının Samur-Yaraq Qazmalar dövlət sərhədinin buraxılış məntəqəsindən müvəqqəti olaraq hər həftənin şənbə günləri müəyyən olunmuş vaxtda keçidi həyata keçiriləcək.

Sərhədi keçən vətəndaşlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı zonada yaradılmış səhra karantin zonalarında 14-21 və ya 21-28 günlük karantin rejiminə yerləşdirilirlər.

Xaricdə olan vətəndaşların Azərbaycana qayıtması müəyyən olunmuş karantin məntəqələrinin qəbuletmə imkanları və ölkə daxilində karantinə alınmış şəxslərin say nisbəti nəzərə alınaraq tənzimlənir.

Bütün dünyanı bürüyən qlobal pandemiya şəraitində vətəndaşları təmkin və anlaşıqlıq göstərməyə, ölkədaxili karantin tədbirlərinə dəstək olmaq məqsədilə olduqları ölkələrin müəyyən etdiyi karantin və özünü təcrid qaydalarına riayət etməyə və səfərlərdən çəkinməyə çağırırıq.