logo

Daxili İşlər Nazirliyi karantin rejimi ilə bağlı əhaliyə yenidən müraciət etdi

15:09 31-03-2020 | icon 1967
Daxili İşlər Nazirliyi karantin rejimi ilə bağlı əhaliyə yenidən müraciət etdi

 

Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparır. Vətəndaşlardan bir daha tələb olunur ki, evdən (mənzildən) yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən mağazalara və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə çıxsınlar.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı müraciətdə bildirilir.Müraciətdə daha sonra qeyd edilir ki, evdən çıxmaq zərurəti yarandıqda qoruyucu tibbi vasitədən (maska) istifadə etsinlər, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlasınlar, mütləq qaydada şəxsiyyət vəsiqəsini (və ya şəxsiyyəti təsdiq edən digər sənədi), fəaliyyətinə icazə verilmiş təşkilatlarda işləyən şəxslər isə xidməti vəsiqələrini və ya bu faktı təsdiqləyən rəsmi arayışı özləri ilə götürsünlər. Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər.

"Xatırladırıq ki, şəxslərin və nəqliyyat vasitələrinin rayonlararası və şəhərlərarası hərəkəti qadağan edilib. Nəzərə alınsın ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qadağalara və məhdudiyyətlərə, həmçinin karantin rejiminin təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək.

Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Səbrli və anlayışlı vətəndaşlarımıza qabaqcadan təşəkkür edirik",-deyə müraciətdə bildirilir.