logo

Aİ koronavirusa görə Şərq Tərəfdaşlığı ölkələrinə yardım ayırdı

18:16 30-03-2020 | icon 1925
Aİ koronavirusa görə Şərq Tərəfdaşlığı ölkələrinə yardım ayırdı

Avropa Komissiyası koronavirus infeksiyasının yayılmasına qarşı qlobal miqyasda həyata keçirdiyi tədbirlər çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinə dəstək məqsədilə 140 milyon avro dəyərində yardım paketi ayırıb. Bundan əlavə, Komissiya, həmçinin koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına 700 milyon avro yönəltməyi planlaşdırır.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi hazırda Aİ-nin tərəfdaş ölkələrdə COVID-19 virusunun insanların həyatına və gəlir mənbələrinə vurduğu ziyanın aradan qaldırılması üçün əlindən gələni etdiyini vurğulayıb. Qeyd edib ki, onlar həm səhiyyə sistemlərinin təcili diqqət tələb edən ehtiyaclarına, həm də cəmiyyətin ən həssas qruplarının və altı ölkədə iqtisadiyyatın dayağı hesab olunan kiçik və orta sahibkarlığın uzunmüddətli ehtiyaclarına cavab verməyə çalışırlar.

Diqqətə çatdırılır ki, tərəfdaş ölkələrin tələbi ilə Avropa Komissiya təcili ehtiyaclarını qarşılamaq üçün bu ölkələrə süni tənəffüs aparatları, laboratoriya avadanlığı, tibbi maskalar, eynəklər, xüsusi tibbi geyimlər və şəxsi vasitələr göndərməyi nəzərdə tutur. Qeyd olunur ki, Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə işləyir və bu zəruri ləvazimatların birlikdə alınması və qarşıdakı həftələrdə altı ölkənin səhiyyə sistemlərinə paylanması məqsədilə 30 milyon avro vəsait ayırıb.

Komissiya, həmçinin üzv ölkələrdəki vətəndaş cəmiyyəti təşkilatlarına 11,3 milyon avrodan çox qrant ayırıb. Bu vəsait regional “Sürətli Reaksiya Mexanizmi” vasitəsilə məsafədən təhsil alan yerli məktəblərə dəstək üçün xərclənəcək. Komissiya bu dəstək paketi çərçivəsində vətəndaş cəmiyyətini, xüsusilə daha kiçik yerli təşkilatları subqrantlar vasitəsilə dəstəkləməklə əhalinin ən çox zərər çəkmiş hissələrinə yönəlmiş “Şərq Tərəfdaşlığı Həmrəylik Proqramı”nın icrasına yayadək başlamağı nəzərdə tutur.