logo

Tokioda Yay Olimpiya Oyunlarının keçiriləcəyi vaxt dəqiqləşdi

17:34 30-03-2020 | icon 2758
Tokioda Yay Olimpiya Oyunlarının keçiriləcəyi vaxt dəqiqləşdi

Tokioda Yay Olimpiya Oyunları və Paralimpiya Oyunlarının keçiriləcəyi vaxt dəqiqləşdirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə yerli "NHK" telekanalı Tokio paytaxt hökumətinin rəsmilərinə istinadla məlumat yayıb.Bildirilir ki, əldə edilən razılaşmaya əsasən Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlanacaq.

Məlumatda qeyd edilib ki, bu barədə razılaşma Beynəlxalq Olimpiya Komitəsi (BOK), Tokio təşkilat komitəsi, Tokio paytaxt hökuməti və Yaponiya hökuməti arasında aparılan müzakirələrin nəticəsi olaraq əldə edilib.

Xatırladaq ki, “Tokio 2020” Olimpiya Oyunları cari il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Martın 24-də Yaponiyanın Baş Naziri Şinzo Abe ilə BOK-un prezidenti Tomas Bax arasında telefon danışığı zamanı hökumət rəhbəri qlobal koronavirus pandemiyasına görə Olimpiadanın 2021-ci ildə təşkil olunmasını təklif edib.

Qeyd edək ki,bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verərək,  "Tokio-2020"yə lisenziya qazanmış idmançıların 2021-ci ilə təxirə salınmış Yay Olimpiya Oyunlarında təsnifat mərhələsi keçmədən iştirak edə biləcəklərini bildirib. "Aydın məsələdir ki, Tokio olimpiadası üçün təsnifat mərhələsini keçmiş idmançılar lisenziyaları özlərində saxlayırlar. Bu, yarışın Tokio-2020 adı ilə qalmasından da görünür",- deyə Tomas Bax vurğulayıb.

Hələlik olimpiadaya vəsiqələrin 57 faizi sahiblərini tapıb. Azərbaycan idmançıları  Olimpiya Oyunlarına indiyədək 15 lisenziya qazanıblar. "Tokio-2020"də 11 min idmançının iştirak edəcəyi gözlənilirdi.