logo

DİN xüsusi karantin rejimində işləyən obyektlərin adlarını açıqlayıb

13:10 30-03-2020 | icon 2212
DİN xüsusi karantin rejimində işləyən obyektlərin adlarını açıqlayıb

Daxili İşlər Nazirliyi(DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.

E.Zahidov qeyd edib ki, vətəndaşları ən çox maraqlandıran - bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır: “Avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, toxum, gübrə və pestisid satışı mağazaları, baytarlıq aptekləri, mal-qara yemi satılan mağazalar, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur”.

DİN rəsmisi vətəndaşların şəxsi nəqliyyat vasitələrindən istifadəsinə qadağa qoyulması barədə yayılan məlumatlara da münasibət bildirib. Qeyd edib ki, şəxsi nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar yalandır: “Şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb. Bununla belə tövsiyə olunur ki, ciddi zərurət olmadan lüzumsuz yerə nəqliyyatdan istifadə olunmasın. Avtomobil sahibləri və sürücülər yol hərəkəti və rejim qaydalarına ciddi riayət etsinlər”.