logo

Binəqədi rayonunda piyadanı vurub qaçan sürücü tutulub

16:44 29-03-2020 | icon 2107
Binəqədi rayonunda piyadanı vurub qaçan sürücü tutulub

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin və şəhər Prokurorluğunun  birgə məlumatında bildirilir.Qeyd edilib ki, martın 26-da saat 23 radələrində Binəqədi rayonu ərazisində paytaxt sakini, 1995-ci il təvəllüdlü Teymur Məmmədov idarə etdiyi “Toyota” markalı 99-VА-966 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada 1995-ci il təvəllüdlü Həsən Paşayevi vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi, sürücünün isə hadisə yerindən qaçması faktına görə rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş istintaqla yol nəqliyyat hadisəsinin T.Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, martın 28-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.