logo

ABŞ Maduronun həbsi üçün 15 milyon dollar mükafat ayırıb

14:58 28-03-2020 | icon 2919
ABŞ Maduronun həbsi üçün 15 milyon dollar mükafat ayırıb

ABŞ prezidenti Donald Trampın Venesuelada prezident Nikolas Maduronu devirmək və onun yerinə hakimiyyətə müxalifət lideri Xuan Quaydonu gətirmək səylərinin nəticəsiz qalmasından sonra indi Vaşinqton başqa taktikaya əl atıb.

YeniAvropa xəbər verir ki, bu dəfə Birləşmiş Ştatlar Maduronu qandallamaq üçün hərəkətə keçib, hətta onun həbsi üçün 15 milyon dollar mükafat da təyin edib.

ABŞ Ədliyyə Departamenti martın 27-də Venesuela Prezidenti Nikolas Maduro və ölkənin başqa yüksək rütbəli rəsmilərinə qarşı narko-terrorizm üzrə cinayət ittihamları irəli sürüb. Departament Venesuelanın sosialist liderlərinin solçu Kolumbiya üsyançı dəstəsi ilə əlbir olaraq Birləşmiş Ştatlara kokain nəql etdiyini bildirib.

 

Bu ittihamların ABŞ və Venesuela arasında onsuz da gərgin münasibətləri bir qədər də gərginləşdirəcəyi gözlənilir.

Ötən il ABŞ Prezidenti Donald Trampın Maduronun seçki rəqibini ölkənin müvəqqəti prezidenti kimi tanımasından və Venesuelaya sərt sanksiyalar tətbiq etməsindən sonra ölkələr arasında münasibətlər xeyli pisləşib.

Nyu Yorkda açıqlanan ittihamnamədə amerikan ittihamçılar Maduronun iki Kolumbiya üsyançı lideri ilə əməkdaşlıq quraraq narko-kartel işlətdikləri bildirilir. Bu işbirliyində Venesuela parlamentinin spikeri, hərbi kəşfiyyatın sabiq lideri və Venesuela silahlı qüvvələrinin sabiq generalının da adları yer alır. Dörd şəxs ABŞ-a kokain nəql etmək üçün konspirasiyada və silah qaçaqmalçılığı ilə bağlı iki maddə üzrə ittiham olunur.

Ayrıca ittihamnamədə Venesuelanın Müdafiə Naziri Vladimir Padrino ABŞ-da qeydiyyatdan keçmiş təyyarədə kokain paylamaq qəsdində və Venesuelanın Ali Məhkəməsinin Baş Hakimi Jose Moreno Perez isə 10 milyonlarla dollar çirkli pulu yumaqda ittiham olunur. Cəmi 15 hazırkı və keçmiş Venesuela rəsmisi və 2 kolumbiyalı FARC qrupu liderinə qarşı cinayət işləri qaldırılıb.

İttihamlar ABŞ Baş Prokuroru Vilyam Barr və başqa yüksək rütbəli ədliyyə rəsmilərinin virtual mətbuat konfransında açıqlanıb.

Beləliklə, Maduro indi ölkə hüdudlarını tərk etsə və Birləşmiş Ştatların yuridikasiyası altında olan ərazilərə daxil olsa həbs ediləcək. Lakin Maduronun elə ölkəsinin daxilində həbs edilməsi də mümkündür. Çünki ona qarşı irəli sürülmüş ittiham terrorçuluqla bağlıdır və ABŞ qanunvericiliyi bu ölkəyə terrorçuluq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı dünyanın istənilən nöqtəsində xüsusi əməliyyat keçirmək səlahiyyəti verir.

Virtualaz.org