logo

Bu gündən Bakı-Naxçıvan aviareysi həftədə bir dəfə yerinə yetiriləcək

18:50 26-03-2020 | icon 3101
Bu gündən Bakı-Naxçıvan aviareysi həftədə bir dəfə yerinə yetiriləcək

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm reysləri bu gündən etibarən həftədə bir dəfə cümə axşamları həyata keçiriləcək. Beləliklə, növbəti Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə reys aprelin 2-də reallaşacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Bakıdan uçuş saat 13:10-da , Naxçıvandan uçuş saat 15:30-da baş tutacaq.

Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın aviabilet satış ofisləri bağlı olacaq, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri "AZAL" aviaşirkətinin saytından əldə etmək mümkündür (www.azal.az).

Bakıdan Naxçıvana yalnız Naxçıvanda yaşayan sərnişinlər, Naxçıvandan Bakıya yalnız Azərbaycan paytaxtının sakinləri uçub gələ bilərlər.

Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcəkdir. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/ yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.

"AZAL" aviaşirkəti, vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.