logo

Bakıdan yalnız Moskva və Londona beynəlxalq uçuşlar olacaq

18:17 26-03-2020 | icon 420
Bakıdan yalnız Moskva və Londona beynəlxalq uçuşlar olacaq

Bu gündən etibarən “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin beynəlxalq istiqamət üzrə reysləri yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.Qeyd edilib ki, Bakı-Moskva reysi həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı – 10:40 (Bakı vaxtı ilə), Moskvadan uçuş vaxtı – 13:50 (Moskva vaxtı ilə).

Bakı-London marşrutu üzrə reys, həmçinin həftənin cümə axşamı günləri həyata keçiriləcək, Bakıdan uçuş vaxtı – 19:05 (Bakı vaxtı ilə), Londondan uçuş vaxtı – 22:05 (London vaxtı ilə).

Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə “AZAL”ın aviabilet satış ofisləri bağlı olacaq, aviabiletləri “AZAL” aviaşirkətinin saytından əldə etmək olar (www.azal.az).

Xüsusi olaraq qeyd edilib ki, Bakıya uçub gəlməyə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına icazə veriləcək.

Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovağzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan / yola salan) şəxslərin aerovağzal binasına girişi qadağandır.

Xatırladaq ki, Azərbaycana qayıdan hər bir vətəndaş tibbi müayinədən keçirilir və karantinə yerləşdirilir.

“AZAL” aviaşirkəti, vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.