logo

İdmançılarımız “Tokio-2021” Olimpiya Oyunlarına ciddi hazırlaşacaqlar

10:13 25-03-2020 | icon 3227
İdmançılarımız “Tokio-2021” Olimpiya Oyunlarına ciddi hazırlaşacaqlar

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi koronavirusla (COVID-19) əlaqədar “Tokio-2020” Yay Olimpiya Oyunlarının təxirə salınmasına dair birgə bəyanat yayıblar.

YeniAvropa-ya daxil olan bəyanatda Yaponiyanın baş naziri Sindzo Abenin bütün dünyanı cənginə almış koronavirusun yarada biləcəyi təhlükə ilə bağlı “Tokio-2020” Yay Olimpiya Oyunlarının növbəti - 2021-ci ilə keçirilməsi barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa təklif irəli sürdüyü və qarşı tərəfdən müsbət cavab aldığı qeyd olunub.

Bildirilib ki, Azərbaycan müstəqilliyi dövründə Olimpiya Oyunlarında daim fəal iştirak edən və nəticə etibarı ilə ön sıralarda yer almış ölkələrdəndir. İdmançılarımızın Oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim xüsusi proqram əsasında aparılıb.

Bütün bunlar nəzərə alınaraq, Oyunların 2021-ci ildə (ay dəqiq deyil) keçirilməsi ilə bağlı bir sıra mühüm tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Həmin tədbirlərə Oyunların başlanmasına qalan bir il ərzində hazırlığın öncədən işlənilmiş sistem əsasında aparılması, 2020-ci ildə hazırlığın ən yüksək pilləsinə çatmış idmançıların 2021-ci ilədək formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi, federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması, gənc və perspektivli idmançılarla işin gücləndirilməsi və karantin müddətində idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra xüsusi şəraitdə, nəzarət altında təlim məşq toplantılarının davam etdirilməsi daxildir.