logo

"Formula-1 Azərbaycan Qran-Pr"isi təxirə salındı

16:09 23-03-2020 | icon 2324
"Formula-1 Azərbaycan Qran-Pr"isi təxirə salındı

Bu il iyunun 5-7-də Bakıda keçirilməsi planlaşdırılan "Formula-1 Azərbaycan Qran-Pri"si təxirə salınıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətindən bildirilib.Qeyd edilib ki, bu qərar "Formula-1" rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Azərbaycan Respublikası Hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində qəbul olunub. Həmçinin davam edən qlobal "COVID-19" pandemiyası və bu xəstəliklə əlaqədar səlahiyyətli tərəflərin təqdim etdiyi mütəxəssis rəyləri sözügedən qərarı zəruri edib.

Yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı, ölkəyə gələn "Formula-1" azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdır.

Əməliyyat şirkəti avtoidman həvəskarlarının bu ilin iyununda Bakının mərkəzi küçələrində keçirilməsi nəzərdə tutulan möhtəşəm yarışı həmin tarixdə izləyə bilməyəcəklərinə görə yaşadıqları təəssüf hissini bütün səmimiyyəti ilə bölüşür və çalışır ki," Formula-1" rəhbərliyi, FİA və Azərbaycan Hökuməti ilə birlikdə "Formula-1 Azərbaycan Qran-Pri"sinin 2020-ci il yarış cədvəlindəki yeni tarixini tezliklə dəqiqləşdirib bu haqda ictimaiyyəti məlumatlandırsın.

Yeri gəlmişkən, "Formula-1 Azərbaycan Qran-Pri"si üçün indiyədək alınmış biletlər keçərli sayılır və əldə olunan bütün hüquqlar yarışın yeni tarixinə olduğu kimi köçürülür. Yarışın yeni tarixi müəyyənləşəndən sonra bu günə qədər həm əməliyyat şirkətinin rəsmi vebsaytından, həm də digər kanallar vasitəsilə bilet alanlara yeni seçimlər barədə ətraflı məlumat veriləcək.

Əməliyyat şirkətinin bütün kollektivi dünyanın dörd bir yanında yeni koranavirus pandemiyası səbəbindən yaranmış çətin və gözlənilməz vəziyyətdən birbaşa və ya dolayı olaraq əziyyət çəkən hər kəsə öz xeyir-dualarını göndərir.