logo

Moskvada MDB)İqtisadi Şurasının iclası keçirilib

19:17 13-03-2020 | icon 2352
Moskvada MDB)İqtisadi Şurasının iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 85-ci iclası keçirilib.

YeniAvropa xəbər verir ki, Azərbaycanı iclasda baş nazirin birinci müavini Yaqub Eyyubov və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil ediblər.

İclasın gündəliyinə MDB-yə üzv dövlətlərin iqtisadi əməkdaşlıq sahələrini əhatə edən məsələlər daxil edilib.

İclası İqtisadi Şuranın sədri, Özbəkistan Respublikasının baş nazirinin müavini – iqtisadiyyat və sənaye naziri Cəmşid Kuçkarov aparıb.

Tərəflər iclasda Özbəkistanın 2030-cu ilədək olan dövrdə MDB-nin iqtisadi inkişaf Strategiyası layihəsinə MDB Hökumət Başçıları Şurasının növbəti iclasında baxılması təşəbbüsünü dəstəkləyiblər.

Şura üzvləri 2030-cu ilədək olan dövrdə nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri layihəsini bəyənib, həmçinin 2020-2023-cü illər üçün razılaşdırılmış sosial və demoqrafiya siyasəti Konsepsiyasının icrası üzrə Tədbirlər Planını qəbul ediblər.

Dövlət Başçıları Şurasının 28 sentyabr 2018-ci il tarixli qərarı ilə 2021-ci il MDB-də Memarlıq və Şəhərsalma İli elan edilib. İclas iştirakçıları tərəfindən qəbul edilən Tədbirlər Planına müvafiq olaraq, 2021-ci il ərzində memarlıq və şəhərsalma mövzusunda forum və müsabiqələr, sərgilər, tematik elmi-praktik konfranslar, dəyirmi masalar və seminarlar keçirilməsi nəzərdə tutulur.

MDB-nin iştirakçı dövlətlərinin bitkilərin karantini sahəsində kadrların təkmilləşdirilməsi və yenidənhazırlanması üzrə baza təşkilatı haqqında Əsasnaməyə dəyişikliklər bəyənilib. Bundan əlavə, MDB İqtisadi Şurasının üzvlərinə müxtəlif informasiya-analitik və sorğu materialları təqdim edilib.

MDB İqtisadi Şurasının növbəti, 86-cı iclası iyunun 19-da Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində milli pavilyonlardan birində təşkil olunacaq.

MDB İqtisadi Şurasının iclası başa çatdıqdan sonra nümayəndə heyətləri “MDB+dünya” Beynəlxalq İqtisadi Forumunun işində iştirak ediblər.