logo

Daşkənddə Özbəkistan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

10:15 10-03-2020 | icon 2149
Daşkənddə Özbəkistan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Martın ikinci ongünlüyündə Daşkənddə Özbəkistatn-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının növbəti iclası keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Rusiya və Azərbaycan ilə ikitərəfli investisiya və ticarət-iqtisadi sahədə əməkdaşlığın inkişaf perspektivlərinə həsr olunan müşavirədə məlumat verib.

Özbəkistanın dövlət başçısı son illərdə bu ölkələrlə qarşılıqlı ticarətin və investisiyaların göstəricilərinin durmadan artdığını bildirib. Şavkat Mirziyoyev vurğulayıb ki, 2019-cu ilin nəticələrinə görə, Azərbaycanla ikitərəfli ticarətin həcmi  55,7 faiz çoxalıb.

Prezident deyib ki, investisiya sahəsində də əməkdaşlıq möhkəmlənir. Ölkədə Azərbaycan kapitalı ilə fəaliyyət göstərən 178 müəssisə var.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan tərəfi ilə sənaye kooperasiyası yaradılması nəticəsində 335 milyon dollar həcmində layihələr həyata keçiriləcək. Yüngül avtomobillərin və avtobusların yığılması, neft-qaz sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Prezident Azərbaycanın aparıcı şirkətləri və təşkilatları ilə ticarət və investisiya fəaliyyətini yaxşılaşdırmağı, bu sahələrdə əməkdaşlığın yeni istiqamətlərində əlaqələrin dərinləşdirilməsini qeyd edib.

Dövlət başçısı Azərbaycanla neft-qaz, nəqliyyat-loqistika, aqrar sənaye, üzümçülük, şərabçılıq, zərgərlik, həmçinin təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb.

İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq nazirlik və idarələrin hesabatları dinlənilib, konkret vəzifələrin yerinə yetirilməsi istiqamətində gələcək tədbirlər müəyyənləşdirilib.

Xatırladaq ki, Özbəkistan-Azərbaycan Hökumətlərarası Komissiyasının sonuncu iclası 9 oktyabr 2012-ci ildə Bakıda keçirilib. Azərbaycan tərəfindən komissiyanın həmsədri baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan tərəfindən isə prezidentin müşaviri Alişer Sultanovdur.