logo

Ölkəyə idxal olunan tibbi maskalar gömrük rüsumundan azad edildi

17:59 07-03-2020 | icon 3248
Ölkəyə idxal olunan tibbi maskalar gömrük rüsumundan azad edildi

Azərbaycana xaricdən idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi maskalar və respiratorların idxalı iyunun 1-dək idxal gömrük rüsumundan azad olunub.

YeniAvropa xəbər verir ki, baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərar imzalayıb. Qərara əsasən, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.

“Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında yeni koronavirus (2019-nCoV) infeksiyasının yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və buna uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir. Bununla yanaşı, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət qərargah yaradılıb.

Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində vacib məsələlərdən biri də əhalinin və tibb müəssisələrinin zəruri tibbi ləvazimatlara olan tələbatının münasib qiymətlərlə ödənilməsi və bir sıra tibbi vasitələr üzrə ehtiyatların gücləndirilməsidir. Bu baxımdan, Azərbaycana xaricdən idxal olunduğu nəzərə alınaraq bu qərara əsasən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal gömrük rüsumundan azad edilib”,-deyə qərarda bildirilir.