logo

Prezident İlham Əliyev Qazaxda bir sıra obyektlərin açılışında iştirak edib

23:49 03-03-2020 | icon 2065
Prezident İlham Əliyev Qazaxda bir sıra obyektlərin açılışında iştirak edib

Prezident İlham Əliyev martın 3-də Şəmkirdən sonra Qazax rayonuna səfər edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qazax rayonuna səfəri çərçivəsində prezident İlham Əliyev Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.Bildirib ki, yolun uzunluğu 16 kilometrdir. İki hərəkət zolaqlı yolun tikintisi dövlətimizin başçısının ötən ilin aprelində imzaladığı Sərəncama əsasən həyata keçirilib və onun inşası üçün investisiya xərclərindən 6,8 milyon manat vəsait ayrılıb. Avtomobil yolunun tikintisi 3 yaşayış məntəqəsinin və orada yaşayan 13 mindən çox əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Prezidenti İlham Əliyev daha sonra Qazaxda əhəng zavodunun açılışında iştirak edib.

Qazax rayonunda yeni fəaliyyətə başlayan və “Mətanət A” şirkətinə məxsus “Azerlime” əhəng zavodu regionda yerləşən tikinti-quruculuq işlərində mühüm rol oynayacaq. Rayonun Daş Salahlı kəndində yaradılan bu müəssisə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevə şirkətin hazırda icra edilməkdə olan və perspektiv layihələri barədə məlumat verilib. Bildirilib ki, daş yunu zavodu və gips lövhə zavodu artıq icra olunma mərhələsindədir. Perspektiv layihələrdə isə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum zavodunun və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodunun tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına ümumilikdə 90 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1000-ə yaxın daimi iş yeri açılacaq.

Sonra prezident İlham Əliyev “Azerlime” əhəng zavodunu işə salıb.

Qazax rayonuna səfəri çərçivəsində prezident İlham Əliyev Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib, eləcə də , “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub.