logo

Zelenski baş nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürdü

22:57 03-03-2020 | icon 2303
Zelenski baş nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürdü

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin yeni baş nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, V.Zelenski belə bir təkliflə hakim “Xalqın xidmətçisi” partiyasının sessiyasında çıxış edib. İclasda partiya üzvləri Şmıqalın baş nazir vəzifəsinə seçilməsinə müsbət cavab verib.

Qeyd edək ki, martın 4-də Ukrayna Ali Radasının növbədənkənar sessiyasında baş nazir Aleksey Qonçarukun vəzifədən istefa məsələsinə baxılacaq və yeni hökumət seçiləcək.

Xatırladaq ki, bu gün Ukraynada ən çox müzakirə olunan məsələlərdən biri Nazirlər Kabinetinin buraxılmasıdır. Belə ki. ilin əvvəlində hakimiyyət dövlət büdcəsində kəsirlə üzləşib. Əsas problemlər Ukraynanın milli valyutası olan qrivnanın məzənnəsinin möhkəmlənməsi və hökumətin iqtisadi inkişafla bağlı gözləntilərinin üst-üstə düşməməsidir. Koronavirus səbəbindən maliyyə bazarlarında yaşanan çaxnaşma Nazirlər Kabinetinin problemlərini daha da artırıb, məmurları dövlət büdcəsinə yenidən baxılması barədə ciddi düşünməyə və bəzi qeyri-sosial xərcləri təxirə salmağa məcbur edib. Aleksey Qonçaruk hökumətində dövlət büdcəsi ilə bağlı yaranan problem prezident Ofisini baş nazirin işini qeyri-qənaətbəxş qiymətləndirilməsinə səbəb olub. Digər tərəfdən, Aleksey Qonçarukun bir müddət öncə Nazirlər Kabinetində keçirilən iclasda gizli səsinin yayılması və orada özünün iqtisadiyyatda naşı olmasını etiraf etməsi hökumətə etibarsızlığı daha da artırıb. Doğrudur, baş nazir istefa ərizəsi yazsa da, Zelenski istefanı qəbul etməyib.

Hakim “Xalqın xidmətçisi” partiyasının deputatları mətbuata açıqlamalarında hökumətdə təmsil olunan bəzi nazirlərin dəyişəcəyini də anons ediblər. Fevralın 2-də hakim partiyada prezident Vladimir Zelenskinin iştirakı ilə xüsusi iclas keçirilib. İclasda hökumətdə kadr islahatları ilə bağlı məsələlər müzakirə olunub. Sözsüz ki, hökumət yenidən formalaşacağı təqdirdə bəzi nazirlərin yenilənəcəyi gğzlənilir. Yeri gəlmişkən, Zelenski hakimiyyətinə ən çox etiraz Daxili İşlər naziri Arsen Avakovla bağlıdır. Bununla əlaqədar Ali Radanın və prezident Ofisinin qarşısında dəfələrlə etiraz aksiyası keçirilib. Aksiyaçılar Avakovun istefaya göndərilməsini sərt şəkildə tələb ediblər.