logo

Belarus Azərbaycandan uzun müddətə neft almaqda maraqlıdır

22:51 02-03-2020 | icon 9023
Belarus Azərbaycandan uzun müddətə neft almaqda maraqlıdır

Belarus Azərbaycan neftinin tədarükü ilə bağlı uzunmüddətli müqavilə bağlamaqda maraqlıdır.

YeniAvropa "BELTA" agentliyinə istinadən xəbər verir ki, bu fikri Belarusun baş naziri Sergey Rumas  martın 2-də SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşdə səsləndirib.

"Belarus Azərbaycan neftinin tədarükü üçün uzunmüddətli müqavilə bağlamaqda maraqlıdır. Biz bu nefti Odessa-Brodı-Mozır neft kəmərindən istifadə edərək Mozır Neft Emalı Zavodunda emal etməyi planlaşdırırıq. Güman edirəm ki, SOCAR belə əməkdaşlıqda maraqlı olacaq", - deyə Sergey Rumas vurğulayıb. 

Baş nazir Belarus və SOCAR-ın uzun müddət neft bazarında çalışdıqlarını xatırladıb. Belarus 2011 və 2016-cı illərdə bu şirkətdən neft alıb, Azərbaycan tərəfi də Belarusun neft məhsullarını alır. 
"Sirr deyil ki, Belarus neft tədarükünün şaxələndirilməsi üzərində işləyir, bundan əvvəl bütün nefti Rusiya Federasiyasından almışıq. Lakin alternativ neft tədarükü olmadan bu gün Belarusun enerji təhlükəsizliyindən danışmaq olmaz”, - deyə baş nazir qeyd edib.
Hökumət başçısı daha sonra deyib ki, bu səbəbdən də bu sahədə uzunmüddətli müqavilələr bağlaya biləcəyimiz etibarlı tərəfdaşlar axtarmaq istəyirik. Təcrübə göstərir ki, SOCAR məhz belə etibarlı tərəfdaş ola bilər.
Sergey Rumasın sözlərinə görə, hazırda SOCAR-ın mütəxəssisləri Mozır Neft Emalı Zavodunda tikinti-quraşdırma işləri aparırlar : "Məmnuniyyətlə demək istəyirəm ki, "Belneftkim" və Mozır Neft Emalı Zavodunun rəhbərliyinin rəyi çox müsbətdir. Həqiqətən, sizin mütəxəssisləriniz bu çətin işi çox səmərəli şəkildə yerinə yetirirlər".
Hökumət başçısı bugünkü görüşün SOCAR və "Belneftkim” konsernləri arasında neft sənayesində ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində növbəti addım olacağına ümid etdiyini bildirib.
Görüşdə Belarusun baş nazirinin müavini, neft sənayesinə rəhbərlik edən İqor Lyaşenko və "Belneftkim" konserninin sədri Andrey Rıbakov da iştirak edib.
Xatırladaq ki, SOCAR martın 5-6-da Türkiyənin Ceyhan limanından Belarusa ilk neft tankerini göndərəcək. Göndəriləcək neftin həcmi təqribən 85 min ton təşkil edir. Martın 20-də isə Gürcüstanın Supsa limanından təxminən 85 min ton həcmində ikinci tankerin göndərilməsi planlaşdırılır.