logo

DİN bir qrup qadının aksiya cəhdi ilə bağlı ittihamları cavablandırıb

13:51 01-03-2020 | icon 1946
DİN bir qrup qadının aksiya cəhdi ilə bağlı ittihamları cavablandırıb

Son günlər sosial şəbəkələrdəki bəzi səhifələrdə fevralın 28-də Daxili İşlər Nazirliyinin inzibati binası önündə bir qrup qadının aksiya keçirməyə cəhd göstərmələri zamanı onlardan birinin guya polis əməkdaşı tərəfindən üz nahiyəsinə xəsarət yetirilməsi barədə əsassız ittihamlar paylaşılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən YeniAvropa-ya daxil olan məlumatda bildirilir ki, bu iddialar yalan və böhtan olmaqla yanaşı, həm də qərəzlidir. "Belə ki, AXCP tərəfindən aldadılaraq və istiqamətləndirilərək 10-15 qadın həmin gün razılaşdırılmamış, qanunsuz aksiyaya cəhd göstərmişlər. Onlardan bəzilərinin azərbaycanlı xanıma xas olmayan tərzdə ictimai asayişi mühafizə edən polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmələrinə və əxlaqdan kənar hərəkətlər etmələrinə baxmayaraq, polis əməkdaşları dözümlülük və təmkinlilik nümayiş etdirərək, öz xidməti vəzifələrini yerinə yetirmişlər. Bu zaman xəsarət alan və saxlanılan olmamışdır.

O ki qaldı, sosial şəbəkələrdəki səhifələrdə paylaşılan, üzündə xəsarət olan qadının fotolarına, oradan açıq-aydın görünür ki, bu fotolar ya montaj edilib, ya da həmin qadının özünün bilərəkdən və məqsədli şəkildə çəkdiyi makyajdan başqa bir şey deyil",-deyə məlumatda qeyd edilib.