logo

Bakıda narkotika satışı ilə məşğul olan şəbəkənin üzvləri yaxalanıb

19:17 29-02-2020 | icon 2051
Bakıda narkotika satışı ilə məşğul olan şəbəkənin üzvləri yaxalanıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, paytaxtın Nizami rayonunda həyata keçirilən tədbir zamanı əvvəlcə Fizuli Qarayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 4,311 qram heroin aşkar olunub. F.Qarayev ifadəsində heroini tanışı Nizami rayonunda yaşayan Vahib adlı şəxsdən aldığını bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həmin şəxs - Füzuli rayon sakini Vahib Novruzov da tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 23,625 qram heroin aşkarlanıb. V.Novruzov isə ifadəsində narkotik vasitələri satmaq məqsədilə Gündüz Rəsulovdan aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində keçirilən tədbir zamanı Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Gündüz Rəsulov da tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 250,42 qram heroin və 1,974 qram metamfetamin, 1 ədəd elektron tərəzi, paytaxtın Nizami rayonunda yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan artıq heron aşkar edilərək götürülüb.

Araşdırma zamanı G.Rəsulovun sosial şəbəkə hesablarında paylaşdığı məlumatlar əsasında onun cinayət törətməyə meyilli şəxs olduğu məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin ətraflarının və onların cinayət əlaqələrinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.