logo

Bakıda Yaponiya imperatoru Naruhitonun doğum günü qeyd edilib

20:48 27-02-2020 | icon 8820
Bakıda Yaponiya imperatoru Naruhitonun doğum günü qeyd edilib

Fevralın 27-də Bakıda "Fairmount" mehmanxanasında Yaponiyanın imperatoru Naruhitonun doğum günü münasibətilə rəsmi qəbul keçirilib.

YeniAvropa xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən ziyafətdə dövlət və hökumət rəsmiləri, iş adamları, Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Katori Teruyuki 2019-cu ilin ölkələrimiz arasındakı münasibətlərinin inkişafı baxımından yaddaqalan bir il olduğunu deyib. Yaponiyanın bu il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyini xatırladan səfir ümidvar olduğunu bildirib ki, Oyunlara Azərbaycandan da çox sayda idmançı qatılacaq. Yaponiyaya səfər edən azərbaycanlılar yapon mədəniyyəti və təbiəti ilə tanış ola biləcəklər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, Yaponiya və Azərbaycan arasında hər zaman dostluq və tərəfdaşlıq əlaqələri mövcud olub. Ölkələrimiz arasındakı yüksək səviyyəli qarşılıqlı münasibətlər bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə və dərinləşdirilməsinə zəmin yaradıb.

Nazir həmçinin, vurğulayıb ki, Azərbaycan və Yaponiya hər zaman beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına öz töhfələrini veriblər. 

Muxtar Babayev çıxışında daha sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllində Yaponiyanın dəstəyi böyük əhəmiyyət kəsb edir.