logo

Bakıda “Caspian Franchise” forumu keçiriləcək

11:30 27-02-2020 | icon 2555
Bakıda “Caspian Franchise” forumu keçiriləcək

Martın 4-5-də Bakıda  "Boulvard hotel"də “Caspian Franchise” - Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçiriləcək. 

YeniAvropa xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından olan  “Caspian Event Organisers” şirkətindən bildirilib.Qeyd edilib ki, “Caspian Franchise” ölkədə franşizaların alqı-satqısı sahəsində yeganə işgüzar platformadır. “Biznesin yarandığı yer” olaraq tədbir françayzinq haqda hərtərəfli məlumat almaq, uğurlu investisiya tapmaq və yeni biznesə başlamaq üçün əvəzolunmaz imkan yaradır. “Caspian Franchise” franşiza sahiblərini, sərmayəçilər və sahibkarları, iri holdinq nümayəndələrini və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxsləri bir araya gətirəcək.

“Caspian Franchise”ın məqsədi kiçik və orta biznes müəssisələrinə yeni fəaliyyət sahələrinin genişləndirilməsi və ya təşkilində köməklik göstərmək, Azərbaycanda françayzinqin inkişaf imkanlarını müzakirə etmək, eləcə də xaricdə biznesin inkişaf tendensiyaları ilə tanış olmaqdır. “Caspian Franchise” konfrans və sərgidən ibarət olacaq.

Konfrans Azərbaycanda françayzinqin ən aktual problemlərini yerli və xarici mütəxəssislər və sahibkarlarla müzakirə etmək imkanı yaradacaq. İştirakçılar "Niyə özəl biznes deyil françayzinq?" sualına cavab alacaq, franşizada işləməyin hüquqi tərəflərini və bu sahədə uğurlu təcrübəsi olan biznes sahiblərinin praktiki məsləhətləri müzakirə edəcəklər.

Sərgiyə isə dondurma, suşi, qəhvə, geyim, kuryer xidmətləri kimi istiqamətlərdə öz məhsul və xidmətlərini təqdim edən və müxtəlif ölkələri təmsil edən şirkətlər qatılacaq. Həmçinin daşınmaz əmlak agentliyi və franşiz tapmaq üçün konsaltinq xidmətləri göstərən şirkətlər yer alacaqlar. Sərginin qonaqları isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə şəxsən görüşüb canlı ünsiyyət formatında təklif olunan franşizlə bağlı əsas məsələləri müzakirə edə biləcəklər.

Tədbirin digər təşkilatçısı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir.