logo

Nizami rayonunda ağacları kəsən şirkət 50 min manat cərimələndi

14:49 26-02-2020 | icon 2065
Nizami rayonunda ağacları kəsən şirkət 50 min manat cərimələndi

Paytaxtın Nizami rayonu, K.Balakişiyev küçəsi, 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin məlumat verib.

Onun sözlərinə görə, həmin ünvanda aparılan araşdırma zamanı 3 şam ağacının “Karayev City” MTK tərəfindən tikinti işləri aparılan zaman ağır texnika ilə məhv edildiyi müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub.

“Karayev City” MTK-nın hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami Rayon Məhkəməsinə göndərilib.

S.Dərafərin yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə minnətdarlığını bildirib.